Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqi, xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitin icbari tibbi sığorta fondunda cəmləşdirilməsi və həmin vəsaitin idarə olunması, icbari tibbi sığorta üzrə dövlət adından tibbi xidmətlərin mərkəzləşdirilmiş alıcısı və xərclərin ödənilməsi funksiyalarını həyata keçirir, habelə əlilliyin müəyyən edilməsi və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi sahələrində fəaliyyət göstərir.
Agentlik İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxsin və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin hüquqi varisidir.
Agentliyin fəaliyyəti hansı istiqamətləri əhatə edir?
● müvafiq sahədə fəaliyyətin təkmilləşdirilməsi və şəffaflığın artırılması, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, onların elektron qaydada həyata keçirilməsi məqsədilə tədbirlər görmək, habelə innovativ ideya və təklifləri dəstəkləmək;
● əhalinin icbari tibbi sığortalanmasını həyata keçirmək və icbari tibbi sığortanın maliyyə dayanıqlığını təmin etmək;
● icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə edilməsində əhali üçün bərabər şərtlər yaradılması, icbari tibbi sığortanın hamı üçün əlçatan olması, əhalinin sağlamlığının qorunması məqsədilə tibbi xidmətlərin keyfiyyətinin, habelə tibbi xidmətlərdən, dərman və tibb vasitələrindən istifadənin səmərəliliyinin artırılması istiqamətində tədbirlər görmək;
● strukturuna daxil olan tibbi-sosial ekspert komissiyaları vasitəsilə əlilliyin qiymətləndirilməsini həyata keçirmək;
● strukturuna daxil olan tibbi qiymətləndirmə komissiyaları vasitəsilə müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsini həyata keçirmək.
