15.10.2026

15 Oktyabr – Süd Vəzi Xərçənginə Qarşı Ümumdünya Mübarizə Günüdür

Hər il 15 oktyabr Süd Vəzi Xərçənginə Qarşı Ümumdünya Mübarizə Günü kimi qeyd olunur. Məqsəd süd vəzi xərçəngi ilə bağlı məlumatlılığı artırmaq, xəstəliyin erkən aşkarlanmasının və profilaktik müayinələrin əhəmiyyətini vurğulamaqdır.

Süd vəzi xərçəngi qadınlar arasında ən çox rast gəlinən onkoloji xəstəliklərdən biridir. Xəstəliyin əsas əlamətlərinə süd vəzisində və ya qoltuqaltı nahiyədə bərk törəmənin yaranması, gilədən ifrazat, gilənin içəriyə doğru çəkilməsi, süd vəzisinin ölçü və formasında dəyişikliklər, dəridə qızartı, şişkinlik və portağal qabığına bənzər görünüş  alması və s. aiddir.

Ölkədə süd vəzisinin bədxassəli yenitörəməsi diaqnozu ilə əlaqədar 12,1 min nəfər əlilliyi olan şəxs var.

Xəstəliklə mübarizənin ən effektiv yollarından biri onun erkən aşkarlanmasıdır. Süd vəzi patologiyalarının diaqnostikası icbari tibbi sığorta hesabına qarşılanır. Xidmətlər Zərfinə mammoqrafiya, USM, MRT,  süd vəzinin duktoqrafiyası, biopsiya və götürülmüş nümunənin histoloji müayinəsi, qanda onkomarkerlərin təyini və digər laborator müayinələr daxildir.

Vətəndaşlar qeyd olunan müayinələrdən tibbi göstəriş əsasında və ixtisaslı həkimin təyinatı ilə icbari tibbi sığortanın tətbiq olunduğu dövlət tibb müəssisələrində yararlana bilərlər.

Zəruri tibbi xidmətin həmin müəssisələrdə göstərilməsi mümkün olmadıqda, xidmət Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi ilə müqaviləsi olan özəl tibb müəssisələrində göndəriş əsasında təmin edilir.

Süd vəzi xərçənginin erkən aşkarlanması müalicənin effektivliyini artırır. Buna görə də hər bir qadının sağlamlığına diqqət yetirməsi və hər hansı şübhəli dəyişiklik müşahidə etdikdə vaxtında həkimə müraciət etməsi vacibdir.