21 sentyabr dünyada Altsheymer xəstəliyi və onun yaratdığı fəsadlarla bağlı cəmiyyətin məlumatlandırılması, erkən diaqnostikanın əhəmiyyətinə diqqət çəkilməsi məqsədilə Beynəlxalq Altsheymer Xəstəliyi ilə bağlı Məlumatlandırma Günü kimi qeyd olunur.
Altsheymer xəstəliyi beyindəki sinir hüceyrələrinin tədricən məhv olması nəticəsində yaddaş, düşünmə və digər koqnitiv qabiliyyətlərin zəifləməsi ilə xarakterizə olunan, demensiyanın ən geniş yayılmış səbəbidir.
Hazırda ölkə üzrə Altsheymer xəstəliyi ilə əlaqədar əlilliyi olan 1589 şəxs qeydiyyatdadır. Onların 924-ü kişi, 665-i isə qadındır.
Xəstəliyin erkən mərhələdə müəyyən edilməsi, onun inkişafının ləngidilməsi və pasiyentin həyat keyfiyyətinin daha uzun müddət qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
Bu baxımdan xəstəliyin erkən aşkarlanması, izlənilməsi və digər demensiya növlərindən fərqləndirilməsi üçün zəruri olan bir sıra müayinə və xidmətlər icbari tibbi sığorta çərçivəsində qarşılanır. Sığortaolunanlar nevroloq və ya psixiatr müayinəsindən, həmçinin beyin KT, beyin MRT və elektroensefaloqrafiya (EEQ) kimi radioloji və diaqnostik xidmətlərdən icbari tibbi sığortanın tətbiq edildiyi tibb müəssisələrində ödənişsiz yararlana bilirlər.
Altsheymer xəstəliyinin tam müalicəsi mümkün olmasa da, müvafiq dərman müalicəsi və digər yanaşmalar xəstəliyin irəliləməsini yavaşlatmağa, sağlam qidalanma və həyat tərzi, beyin aktivliyini dəstəkləyən fəaliyyətlər, eləcə də ailə və sosial dəstək xəstəliyin idarə olunmasında mühüm rol oynayır.