25.09.2026

25 Sentyabr – Dünya Ağciyər Günüdür

25 sentyabr dünyada ağciyər sağlamlığının qorunması, tənəffüs xəstəliklərinin profilaktikası və erkən diaqnostikasının əhəmiyyətinə diqqət çəkmək məqsədilə qeyd olunur.

Ölkədə ağciyər xəstəlikləri ilə əlaqədar 4900 əlilliyi olan şəxs var. Onlardan 2000-i kişi, 2900-ü isə qadındır. Əlilliyə səbəb olan əsas xəstəliklər sırasında astma, tənəffüs sistemi orqanlarının digər xəstəlikləri, xroniki obstruktiv ağciyər xəstəliyi, emfizema və digər tənəffüs sistemi xəstəlikləri yer alır.

Xəstəliklərin erkən aşkarlanması və vaxtında müalicəsi ağırlaşmaların və əlilliyə səbəb ola biləcək fəsadların qarşısının alınmasına imkan verir. Bu istiqamətdə vətəndaşlara icbari tibbi sığorta çərçivəsində ağciyər və tənəffüs sistemi xəstəliklərinin diaqnostikası, müalicəsi və cərrahi müdaxilələri üzrə tibbi xidmətlər göstərilir.

Diaqnostika zamanı döş qəfəsinin rentgen və KT müayinələri, flüoroqrafiya, USM, kontrastlı MRT angioqrafiya, bronxoqrafiya, spirometriya, bronxoskopiya, torakoskopiya və biopsiya kimi müayinə üsullarından istifadə olunur. Həmçinin vərəm və digər infeksion xəstəliklərin, eləcə də allergik xəstəliklərin müəyyənləşdirilməsi üçün laborator müayinələr aparılır.

Xəstəliklə bağlı ambulator və stasionar müalicə, terapevtik və bronxoskopik müdaxilələr, plevra boşluğu ilə bağlı prosedurlar, həmçinin ağciyər və bronxlarla bağlı müxtəlif cərrahi əməliyyatlar icbari tibbi sığorta çərçivəsində həyata keçirilir. Əməliyyat və biopsiya zamanı götürülən toxuma nümunələri histopatoloji müayinədən keçirilir.

Xidmətlər Zərfinin şərtlərinə uyğun olaraq cərrahi və invaziv müdaxilələr zamanı anesteziya xidməti, stasionar yatış və tibbi sərf materialları da icbari tibbi sığorta hesabına qarşılanır.