29.10.2026

29 Oktyabr – Ümumdünya İnsultla Mübarizə Günüdür

29 oktyabr – Ümumdünya İnsultla Mübarizə Günü çərçivəsində insultun qarşısının alınması, erkən aşkarlanması və vaxtında tibbi müdaxilənin əhəmiyyətinə diqqət çəkilir.

İnsult beynin qan dövranının qəfil pozulması nəticəsində yaranan və həyati təhlükə yaradan vəziyyətdir. Erkən müdaxilə ağır fəsadların qarşısının alınması və həyatın xilas edilməsi baxımından böyük əhəmiyyət daşıyır.

Hazırda ölkə üzrə beyin qan dövranı pozğunluğu səbəbindən 7,1 min əlilliyi olan şəxs var.

İnsult şübhəsi olan şəxslərin müayinəsi və müalicəsi icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində qarşılanır. Buraya ixtisaslı həkim müayinəsi, qanaxma olub-olmadığını müəyyən etmək üçün beyin KT, beyin toxumasının zədələnmə dərəcəsini daha dəqiq görmək üçün MRT,  beyin damarlarında tıxanıqlığın olub-olmamasını aşkarlamaq üçün angioqrafiya, EKQ və ürək müayinələri daxildir.

Eyni zamanda şəkər, laxtalanma, elektrolitlər və digər göstəriciləri təyin etmək üçün laborator testlər aparılır.

Ağırlaşma dərəcəsinə əsasən pasiyentə zəruri hallarda stasionar yatış təyin olunur. Stasionar yatış sonrası fizioterapiya və reabilitasiya xidmətləri də icbari tibbi sığorta ilə həyata keçirilir.

Bu xidmətlər tibbi göstəriş və həkim təyinatı əsasında Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi tərəfindən icbari tibbi sığortanın tətbiq edildiyi dövlət tibb müəssisələrində göstərilir.

Yüksək arterial təzyiq, şəkərli diabet, yüksək xolesterin, ürək ritminin pozulması, siqaret çəkmək, piylənmə və hərəkətsizlik insult riskini artırır. Risk faktorlarının nəzarətdə saxlanılması insultun qarşısının alınmasında mühüm rol oynayır.