29.09.2026

29 sentyabr – Dünya Ürək Günüdür

Hər il 29 sentyabr tarixində qeyd olunan Dünya Ürək Günü ürək-damar xəstəlikləri barədə məlumatlılığın artırılması, onların profilaktikası və erkən aşkarlanmasının təşviqi məqsədi daşıyır. Sağlam qidalanma, fiziki aktivlik və siqaretdən imtina ürək xəstəlikləri və insult riskinin azalmasında mühüm rol oynayır.

Hazırda ölkəmizdə ürək-damar xəstəlikləri ilə əlaqədar 31,5 min əlilliyi olan şəxs var. Onlardan 16,3  nəfəri kişi, 15, 2 nəfəri isə qadındır. Qeydə alınan hallar arasında ürəyin işemik xəstəliyi, ürək çatışmazlığı, kardiomiopatiya, paroksizmal taxikardiya, qan dövranı sisteminin anadangəlmə inkişaf qüsurları və digər ürək-damar xəstəlikləri yer alır.

İcbari tibbi sığorta sistemi ürək-damar xəstəliklərinin erkən aşkarlanması, müalicəsi və ağırlaşmalarının qarşısının alınması istiqamətində geniş tibbi xidmətlər təqdim edir. Xidmətlər Zərfinə kardioloji müayinələr və diaqnostik prosedurlarla yanaşı, koronar angioqrafiya, angioplastika və stentləmə, aorta-koronar şuntlama, ürək qapaqlarının cərrahi və transkateter üsulla müalicəsi, o cümlədən dəyəri yüksək olan TAVI kimi mürəkkəb tibbi xidmətlər daxildir.

İcbari tibbi sığorta çərçivəsində uşaqlarda anadangəlmə ürək qüsurlarının cərrahi müalicəsi də həyata keçirilir. Bu xidmətlərə ürək qapaqlarının təmiri və ya dəyişdirilməsi, kardiostimulyatorların implantasiyası və dəyişdirilməsi, qulaqcıqlararası və mədəciklərarası çəpər defektlərinin bərpası, daralmış aorta damarına minimal invaziv yolla balonun tətbiqi və və digər tibbi prosedurlar daxildir.  

Kardioloji xidmətlər dövlət tibb müəssisələri ilə yanaşı, Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi ilə müqaviləsi olan özəl tibb müəssisələrində də göstərilir. Tələb olunan xidmət dövlət müəssisəsində mümkün olmadıqda vətəndaş göndəriş əsasında müqaviləli özəl tibb müəssisəsinə yönləndirilə bilər.