Hər il 8 sentyabr Dünya Fizioterapiya Günü kimi qeyd olunur. Fizioterapiya fiziki amillərdən istifadə etməklə həyata keçirilən müalicə və profilaktika üsulu olmaqla, müxtəlif xəstəliklər zamanı sağalma prosesinin sürətləndirilməsinə, funksional imkanların bərpasına və pasiyentlərin gündəlik həyata qayıtmasına dəstək olur.
İcbari tibbi sığortanın Xidmətlər Zərfinə 77 fizioterapiya və reabilitasiya xidməti daxildir. Bu xidmətlərə nevroloji, pediatrik, ortopedik, kardioloji və ginekoloji reabilitasiya, elektroterapiya, maqnit, lazer və dalğa terapiyaları, inhalyasiya, müxtəlif vannalar, masaj, müalicəvi bədən tərbiyəsi və digər xidmətlər daxildir.
Fizioterapiya xidmətlərindən nevroloji, travmatoloji, revmatoloji, ağciyər, sinir-əzələ və sümük-dayaq sistemi xəstəlikləri, osteoxondroz, spinal protruziya və yırtıqlar, skolioz, kifoz, lordoz, əyripəncəlik və digər hallarda tibbi göstəriş əsasında istifadə olunur.
Müalicə kursunun müddəti diaqnoz, xəstəliyin ağırlıq dərəcəsi və pasiyentin ümumi vəziyyətindən asılı olaraq fərdi qaydada müəyyən edilir və adətən 8-10, 10-12, bəzi hallarda isə 14-20 gün davam edir.
İcbari tibbi sığorta ilə fizioterapiya xidmətlərinə limit tətbiq olunur. Vətəndaşlar il ərzində 30 dəfə tibb müəssisəsinə müraciət edə və hər müraciət zamanı 3 fizioterapiya xidmətindən yararlana bilərlər.
Xidmətlər tibbi göstəriş və həkim təyinatı əsasında, icbari tibbi sığortanın tətbiq edildiyi dövlət tibb müəssisələrində göstərilir. Fizioterapiya üsulu seçilərkən pasiyentin diaqnozu, yaşı, ümumi vəziyyəti, yanaşı xəstəlikləri və digər fərdi xüsusiyyətləri nəzərə alınır.