06.02.2026

Agentlikdə bir qrup fəal əlilliyi olan şəxslə görüş keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində bir qrup əlilliyi olan şəxslə görüş keçirilib. Görüşün məqsədi Agentliyin fəaliyyəti, əlilliyi olan şəxslərə göstərilən tibbi və sosial reabilitasiya xidmətləri barədə ətraflı məlumat vermək, bu sahədə rəy və təklifləri öyrənmək olub.

Agentliyin İdarə Heyəti sədrinin müavini Vüqar Məmmədov bildirib ki, son illərdə ölkədə reabilitasiya infrastrukturu müasir tələblərə uyğun qurulub və xidmətlərin əhatə dairəsi əhəmiyyətli dərəcədə genişlənib. 2018–2025-ci illər ərzində reabilitasiya xidmətlərinə cəlb edilən əlilliyi olan şəxslərin illik sayı 12 dəfəyədək artaraq 142 minə, onlara  dövlət büdcəsi hesabına təqdim edilən reabilitasiya vasitələrinin illik sayı 6 dəfə artaraq 212 minə çatıb.

Həmçinin, Agentliyin 17 reabilitasiya müəssisəsində əlilliyi olan şəxslərə göstərilən səmərəli reabilitasiya prosedurları, sosial-psixoloji xidmətlər, qabaqcıl dünya təcrübəsinə uyğun olaraq tətbiq edilən yeni reabilitasiya metodları barədə məlumat verilib.

Eləcə də son illər qurumun icrasına başladığı və beynəlxalq səviyyədə də yüksək qiymət alan yeni inklüziv layihələrdən bəhs olunub.

Görüşdə aparılan işlər, icra olunan layihələrə dair əlilliyi olan şəxslərin rəy və təklifləri dinlənilib, fikir mübadiləsi aparılıb. Bu cür görüşlərin mütəmadi olaraq keçirilməsinin nəzərdə tutulduğu qeyd edilib.