28.10.2026

Agentlikdə bir qrup müharibə iştirakçısı ilə görüş keçirildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyində Vətən müharibəsinin altıncı ildönümü ilə əlaqədar bir qrup müharibə iştirakçısı ilə görüş keçirilib.

Görüşdə Agentliyin İdarə Heyətinin sədri Ramin Rzayev bildirib ki, altı il əvvəl Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Ordumuz 44 günlük Vətən müharibəsində misilsiz qəhrəmanlıq və şücaət nümayiş etdirərək torpaqlarımızı Ermənistanın 30 ilədək davam edən işğalından azad etdi. 

Qeyd olunub ki, Vətən müharibəsindən sonra şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı geniş sosial dəstək paketi icra olunur. Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin reabilitasiya xidmətləri və vasitələri ilə  təminatı da bu dəstək paketin mühüm istiqamətlərindən biridir.

Müasir və sınanmış reabilitasiya üsulları tətbiq edilməklə peşəkar həkim komandası tərəfindən aparılan işlər müsbət nəticələrini verir. Son iki aya yaxın müddətdə müharibə ilə əlaqədar əlilliyi olan daha 120-dən çox şəxsin reabilitasiya potensialının reallaşdırılmasına nail olunub. Vətən müharibəsindən sonrakı dövrdə isə qazilərdən 450-dək şəxs reabilitasiya olunub və əlilliklərini geridə qoyublar.

Görüşdə əhalinin icbari tibbi sığorta xidmətləri ilə təminatı sahəsində görülən işlərdən də bəhs olunub. Müharibə iştirakçıları ölkəmizdə yaradılan müasir reabilitasiya sistemi, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin reabilitasiya xidmətləri və vasitələri, xüsusilə müasir protezlərlə təminat, eləcə də məşğulluq imkanlarının genişləndirilməsi istiqamətində görülən işlər barədə fikirlərini bölüşüblər.

Sonda Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi tərəfindən bir qrup müharibə iştirakçısına təşəkkürnamələr və hədiyyələr təqdim olunub.