08.08.2026

Avqustun 8-i Beynəlxalq Oftalmologiya Günü kimi qeyd olunur

Hər il avqustun 8-i Beynəlxalq Oftalmologiya Günü kimi qeyd olunur.

Bu gün görmə sağlamlığının qorunmasının, göz xəstəliklərinin erkən aşkarlanmasının və vaxtında müalicəsinin əhəmiyyətini bir daha ön plana çıxarır.

Hazırda ölkə üzrə görmə məhdudiyyətli 68 mindən çox əlilliyi olan şəxs var. Onlardan 41 mindən çoxu kişi, 27 min nəfərə yaxını isə qadınlardır.

Görmə qabiliyyətinin qorunması və göz xəstəlikləri nəticəsində yarana biləcək əlilliyin qarşısının alınması məqsədilə Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi tərəfindən icbari tibbi sığorta çərçivəsində geniş spektrli oftalmoloji xidmətlər təmin olunur.

İcbari tibbi sığorta hesabına oftalmoloqun müayinəsi, göz daxili təzyiqin ölçülməsi, biomikroskopiya, oftalmoskopiya, refraksiyanın təyini, perimetriya, optik koherent tomoqrafiya (OKT), gözün ultrasəs müayinəsi, zərurət olduqda kontrast maddə ilə rentgenoloji müayinə, mikrobioloji müayinələr, kompüter tomoqrafiyası (KT) və maqnit-rezonans tomoqrafiyası (MRT) həyata keçirilir.

Tibbi göstəriş olduqda katarakta, qlaukoma, çəpgözlük və bir sıra cərrahi əməliyyatlar icbari tibbi sığorta hesabına qarşılanır.

Göz xəstəliklərinin erkən mərhələdə aşkarlanması görmə qabiliyyətinin qorunmasına, müalicənin effektivliyinin artırılmasına və sonradan yarana biləcək əlillik riskinin azaldılmasına imkan verir.