27.08.2026

Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyində Özbəkistan nümayəndə heyəti ilə görüş keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyində Özbəkistan Respublikası Prezidenti yanında Milli Sosial Müdafiə Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə Azərbaycan və Özbəkistan arasında müxtəlif istiqamətlərdə inkişaf edən tərəfdaşlıq münasibətlərinin səhiyyə, tibbi-sosial ekspertiza, sosial xidmətlər və reabilitasiya sahələrini də əhatə etdiyi qeyd olunub. Agentliyin İdarə Heyəti sədrinin müavini Rəşad Məhərrəmov qarşılıqlı səfər və görüşlərin mövcud istiqamətlər üzrə təcrübə mübadiləsinin genişləndirilməsi, eləcə də əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.

Nümayəndə heyətinə Agentliyin institusional, funksional və strateji istiqamətlər üzrə həyata keçirdiyi dəyişikliklər, əsas fəaliyyət sahələri və aparılan islahatlar barədə ətraflı məlumat verilib. O cümlədən, icbari tibbi sığorta, əlilliyin qiymətləndirilməsi və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsinin təşkili istiqamətində görülən işlər diqqətə çatdırılıb.

Həmçinin Agentliyin fəaliyyət istiqamətləri üzrə proseslərin rəqəmsallaşdırılması, tətbiq olunan innovativ həllər və əldə olunan nəticələr, şəffaflığın və nəzarətin təmin edilməsi mexanizmləri barədə məlumat verilib. Bununla yanaşı, maliyyə sisteminin təşkili və idarə olunması, bu sahədə tətbiq edilən mexanizmlər müzakirə olunub.

Görüş zamanı hər iki ölkənin müvafiq qurumları arasında qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi, mövcud əlaqələrin inkişaf etdirilməsi və gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.