11.09.2026

Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin nümayəndə heyəti Özbəkistanda səfərdə olub


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Ramin Rzayevin rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistanın Daşkənd şəhərində keçirilən beynəlxalq konfransda iştirak edib.

Asiya İnkişaf Bankı və Özbəkistanın Dövlət Tibbi Sığorta Fondunun birgə təşkilatçılığı ilə keçirilən tədbir “Dövlət tibbi sığortası: səhiyyənin maliyyələşdirilməsinin transformasiyası – əsas nailiyyətlər və regional perspektivlər” mövzusuna həsr olunub.

Konfransda Ümumdünya Səhiyyə Təşkilatı, Dünya Bankı, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyindən, region ölkələrindən nümayəndələr iştirak ediblər.

Tədbirdə səhiyyə xidmətlərinin strateji satınalınması, dövlət zəmanətli tibbi xidmətlər paketinin formalaşdırılması, xəstəxanaların maliyyələşdirilməsi, dərman təminatı və rəqəmsallaşma məsələləri müzakirə olunub.

Ramin Rzayev həmçinin “Mərkəzi Asiya və qonşu ölkələrdə səhiyyənin maliyyələşdirilməsi islahatları” panel müzakirəsində iştirak edib. Paneldə tibbi sığorta və səhiyyənin maliyyələşdirilməsi sahəsində aparılan islahatların nəticələri, mövcud çağırışlar və gələcək prioritetlər nəzərdən keçirilib.