Vətən müharibəsinin 5-ci ildönümü münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədr müavini Rəşad Məhərrəmov şəhid, Azərbaycan Milli Ordusunun Quru Qoşunlarının kapitanı, Vətən Müharibəsi Qəhrəmanı Veysəl Musibovun ailəsini ziyarət edib.
Veysəl Musibov Möhtəşəm Zəfərimizlə bitən 44 günlük Vətən müharibəsində Murovdağ, Xocavənd, Füzuli, Qubadlı və Cəbrayıl rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edib.
O 2020-ci ilin oktyabr ayının 7-də Cəbrayıl rayonunun azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşərək şəhid olub.
Döyüş tapşırıqlarına və Azərbaycan Respublikasının dövlət sərhədinin bərpa edilməsi üzrə döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik edilməsinə, həmçinin döyüş əməliyyatlarında göstərdiyi şəxsi qəhrəmanlığa görə “Vətən Müharibəsi Qəhrəmanı medalı”, "Vətən uğrunda" medalı, “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Ziyarət zamanı R. Məhərrəmov şəhidlərin fədakarlıq və qəhrəmanlığının xalqımızın tarixi yaddaşında əbədi yaşayacağını vurğulayıb.
Qeyd edib ki, şəhid ailələrinə göstərilən diqqət və qayğı dövlət siyasətinin əsas istiqamətlərindən biridir və onların rifahının təmin edilməsi istiqamətində dövlətin dəstəyi daim prioritet olaraq qalır.