Hər il sentyabr ayının son bazar günü eşitmə və nitq məhdudiyyətli şəxslərin hüquqlarının müdafiəsi, onların cəmiyyətə inteqrasiyasına diqqət çəkmək məqsədilə Beynəlxalq Eşitmə və Nitq Məhdudiyyətli Şəxslər Günü kimi qeyd olunur.
Ölkəmizdə eşitmə məhdudiyyətli şəxslərin tibbi xidmətlərə əlçatanlğının genişləndirilməsi məqsədilə icbari tibbi sığorta çərçivəsində koxlear implantasiya əməliyyatı və reabilitasiya xidmətləri qarşılanır.
Koxlear implantasiya anadangəlmə və ikitərəfli ağır eşitmə itkisi olan şəxslərdə eşitmə funksiyasının bərpasına imkan verən ən müasir tibbi müdaxilələrdən biridir. Uşaqlarda yaş həddi 5 yaş, böyüklərdə isə bu hədd 65 yaş kimi müəyyən edilir. Diaqnozun təyini məqsədilə icbari tibbi sığorta hesabına BERA testi, audiometriya, KT və MRT kimi müayinələr aparılır. Diaqnoz təsdiqləndikdən sonra əməliyyat Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi ilə müqaviləsi olan özəl tibb müəssisələrində göndəriş əsasında həyata keçirilir. Əməliyyat zamanı dərman və tibbi sərf, daxili implant sistemi, eləcə də cihazın yerləşdirilməsindən 1 ay sonra nitq prosessoru icbari tibbi sığorta hesabına təmin edilir.
Əməliyyatdan sonra pasiyentlər 12 aylıq reabilitasiya dövrünə cəlb olunur, bu müddətdə cihazın 3 dəfə səs tənzimlənməsi, 36 seans loqoped və psixoloq xidməti təmin edilir. Xüsusilə uşaqlarda bu xidmətlər eşitmə qavrayışının və nitqin inkişafına, həmçinin ünsiyyət və digər bacarıqların gücləndirilməsinə yönəldilir.
Cari ildə isə eşitmə məhdudiyyətli şəxslərin tibbi təminatının gücləndirilməsi məqsədilə koxlear implant əməliyyatından sonra daha 3 yeni tibbi xidmət Xidmətlər Zərfinə daxil edilib. Yeni xidmətlər nitq prosessorunun tənzimlənməsi, yenilənməsi və əvəzlənməsini əhatə edir.
Belə ki, implantasiya əməliyyatından 1 il sonra nitq prosessorunun 4 dəfə tənzimlənməsi icbari tibbi sığorta hesabına həyata keçirilir. Bu tənzimləmələr cihazın pasiyentin eşitmə ehtiyaclarına uyğunlaşdırılmasına və reabilitasiya prosesinin daha səmərəli aparılmasına imkan verir. Bundan əlavə, ən azı 5 il istifadə edilmiş nitq prosessorunun daha müasir texnoloji imkanlara malik yeni model cihazla, habelə zəmanət müddəti başa çatmış və texniki cəhətdən yararsız hala düşmüş nitq prosessorunun eyni modelin yenisi ilə əvəzlənməsi icbari tibbi sığorta təminatına daxil edilib.
Sözügedən 3 yeni xidmət koxlear implantasiya əməliyyatı icbari tibbi sığorta hesabına icra olunmayan sığortaolunanlara da şamil edilir.
Beləliklə, koxlear implantasiya yalnız əməliyyatla məhdudlaşmır, müayinə, cərrahi müdaxilə, cihazın tənzimlənməsi və reabilitasiyanı əhatə edən kompleks tibbi proses kimi həyata keçirilir.