Bu gün görmə sağlamlığının qorunması və göz xəstəliklərinin erkən aşkarlanmasının əhəmiyyətinə diqqət çəkir.
Hazırda ölkədə görmə məhdudiyyətli 68,2 min əlilliyi olan şəxs var. Onlardan 41 mindən çoxu kişi, 27 minə yaxını isə qadındır.
Göz xəstəliklərinin vaxtında aşkarlanması görmə qabiliyyətinin qorunmasında və əlilliyin qarşısının alınmasında mühüm rol oynayır. Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi tərəfindən icbari tibbi sığorta çərçivəsində oftalmoloji müayinə, diaqnostika və cərrahi xidmətlər qarşılanır.
İcbari tibbi sığorta hesabına oftalmoloq müayinəsi, gözdaxili təzyiqin ölçülməsi, biomikroskopiya, oftalmoskopiya, refraksiyanın təyini, perimetriya, OKT, gözün ultrasəs müayinəsi, KT və MRT, zərurət olduqda isə digər laborator və instrumental müayinələr həyata keçirilir.
Tibbi göstəriş əsasında katarakta, qlaukoma, pterigium, vitrektomiya, çəpgözlük və digər oftalmoloji əməliyyatlar da icbari tibbi sığorta hesabına qarşılanır. Xəstəxanada yatış müddətində istifadə olunan dərman vasitələri, tibbi sərf və qidalanma xərcləri də icbari tibbi sığorta təminatına daxildir.
Xidmətlər dövlət tibb müəssisələrində həkim təyinatı və tibbi göstəriş əsasında göstərilir. Xidmətin göstərilməsi dövlət tibb müəssisəsində mümkün olmadıqda, pasiyent Agentliklə müqaviləsi olan özəl tibb müəssisəsinə göndəriş əsasında yönləndirilir.
Vətəndaşlara göz xəstəliklərinin erkən aşkarlanması və görmə itkisinin qarşısının alınması üçün profilaktik oftalmoloji müayinələrdən mütəmadi yararlanmaları tövsiyə olunur.