10.10.2026

Hər il oktyabrın 10-u Ümumdünya Psixi Sağlamlıq Günü kimi qeyd olunur

Hər il oktyabrın 10-u Ümumdünya Psixi Sağlamlıq Günü kimi qeyd olunur. Bu gün psixi sağlamlığın qorunması, psixi pozuntuların erkən aşkarlanması və vaxtında müalicəsinin əhəmiyyətinə diqqət yönəltmək məqsədi daşıyır.

Hazırda ölkə üzrə psixi və davranış pozuntuları səbəbindən 68,2 min əlilliyi olan şəxs var.

Psixi sağlamlığa mənfi təsir göstərən amillərdən biri də alkoqol istifadəsidir. Uzunmüddətli və ya həddindən artıq alkoqol qəbulu yaddaş və düşüncə qabiliyyətinin zəifləməsi, emosional qeyri-sabitlik, yuxu pozuntuları, depressiv hallar, aqressiv davranış və hallüsinasiyalar kimi psixi və davranış pozuntularına səbəb ola bilər.

Alkoqol mənşəli psixi və davranış pozuntularının diaqnostikası və müalicəsi icbari tibbi sığorta hesabına həyata keçirilir. Xidmətlər Zərfi çərçivəsində həkim-psixiatrın ambulator müayinə və konsultasiyası, ilkin diaqnostika, psixoloji qiymətləndirmə, tibbi göstəriş olduqda isə stasionar müalicə təmin edilir. Stasionar müalicəyə simptomatik və dərman müalicəsi, detoksikasiya prosedurları və tibbi nəzarət daxildir.

Həkim göstərişinə əsasən diaqnostika zamanı qanın ümumi və biokimyəvi analizi, qaraciyər funksiyalarının və elektrolit balansının qiymətləndirilməsi, nevroloji müayinə və elektroensefaloqrafiya (EEQ) kimi müayinələr aparılır.

Bundan əlavə, ilkin tibbi-sanitariya yardımı çərçivəsində tütün, narkotik vasitələr və onların prekursorlarının, eləcə də alkoqollu içkilərin zərəri barədə maarifləndirmə işləri həyata keçirilir.

Qeyd olunan xidmətlər tibbi göstəriş əsasında icbari tibbi sığortanın tətbiq edildiyi dövlət tibb müəssisələrində sığorta hesabına göstərilir.