Bu gün eşitmə və nitq məhdudiyyətli şəxslərin hüquqlarının müdafiəsinə, onların cəmiyyətə fəal inteqrasiyasına və qarşılaşdıqları çətinliklərə diqqətin artırılmasına xidmət edir.
Bu əlamətdar günün əsas məqsədi eşitmə və nitq məhdudiyyətli insanların cəmiyyətin bütün sahələrində bərabər imkanlara malik olmasının təşviq edilməsi, onların sosial, təhsil hüquqlarının, məşğulluğunun dəstəklənməsidir.
Hazırda ölkəmizdə 14 707 eşitmə və nitq məhdudiyyətli əlilliyi olan şəxs var. Onlardan 3 570 nəfəri 0–17 yaşlı uşaqlar, 11 137 nəfəri isə 18 yaş və yuxarı şəxslərdir. Ümumi sayın 6 402 nəfərini qadınlar, 8 305 nəfərini isə kişilər təşkil edir.
Qeydə alınan əlillik səbəbləri arasında eşitmə və nitq məhdudiyyəti, eləcə də qulaqda eşitmə pozuntusuna səbəb olan anadangəlmə inkişaf qüsurları yer alır.
Beynəlxalq Eşitmə və Nitq Məhdudiyyətli Şəxslər Günü bu şəxslərin cəmiyyətin ayrılmaz hissəsi olduğunu vurğulamaqla yanaşı, onların hüquq və imkanlarının təmin edilməsi istiqamətində görülən işlərin əhəmiyyətini də önə çıxarır.