14.09.2026

Hər il sentyabrın ikinci şənbə günü Dünya İlk Tibbi Yardım Günü kimi qeyd olunur

Hər il sentyabrın ikinci şənbə günü Dünya İlk Tibbi Yardım Günü kimi qeyd olunur. İlk tibbi yardım qəza, travma, qanaxma, yanıq, boğulma və digər təxirəsalınmaz hallarda peşəkar tibbi yardım göstərilənədək həyati əhəmiyyət daşıyır. Belə hallarda vaxtında və düzgün müdaxilə insan həyatının xilas edilməsində mühüm rol oynayır.

Bu baxımdan, təcili vəziyyətlərdə vətəndaşların peşəkar tibbi yardıma vaxtında çıxışının təmin olunması xüsusi əhəmiyyət daşıyır. İcbari tibbi sığorta çərçivəsində təcili və təxirəsalınmaz tibbi yardım xidmətləri hər kəs üçün əlçatan və ödənişsizdir. Bu xidmətlərdən yararlanmaq üçün xəstəxana göndərişi tələb olunmur.

Vətəndaşlar ürək tutması, huşun itirilməsi, qıcolma, kəskin tənəffüs pozulmaları, qanaxmalar, zəhərlənmə, suda boğulma, ağır travmalar, yanıq, elektrik cərəyanının vurması, yol-nəqliyyat hadisələri və digər həyati təhlükəli hallarda təcili tibbi yardıma müraciət edə bilərlər.

İcbari tibbi sığortanın Xidmətlər Zərfinə ambulans xidməti, eləcə də ambulator və stasionar şəraitdə təcili və təxirəsalınmaz tibbi yardım xidmətləri daxildir.

Təcili tibbi yardım zamanı zəruri tibbi xidmətlərlə yanaşı, istifadə olunan dərman preparatları və tibbi sərfiyyat da icbari tibbi sığorta hesabına qarşılanır. Həyati təhlükə yaradan hallarda təxirəsalınmaz cərrahi əməliyyatlar da icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində həyata keçirilir.

Xəstənin vəziyyəti onun sağlamlığı və həyatı üçün təhlükə yaradırsa, “103” nömrəsinə zəng etmək lazımdır. İcbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində təcili tibbi yardım xidmətlərinə çağırış zamanı təcili tibbi yardım briqadasının hadisə yerinə gəlməsi, ilkin tibbi müdaxilənin göstərilməsi və zərurət olduqda xəstənin tibb müəssisəsinə təxliyəsi təmin edilir. Ambulans xidmətinə şəhərdaxili çağırışlarla yanaşı, şəhərdənkənar ərazilərə 60 km., 160 km., 500 km. və artıq məsafələrə çağırış və tibbi təxliyə xidmətləri də daxildir.