07.08.2026

Ümumdünya ana südü ilə qidalandırma həftəsi

Hər il ölkəmizdə 1–7 avqust tarixləri “Ümumdünya Ana Südü ilə Qidalandırma Həftəsi” kimi qeyd olunur. Bu həftə çərçivəsində ana südü ilə qidalanmanın körpələrin sağlam böyüməsi və inkişafında əvəzsiz rolu, həmçinin anaların bu sahədə maarifləndirilməsinin əhəmiyyəti diqqətə çatdırılır.

Ana və uşaq sağlamlığının qorunması məqsədilə Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi tərəfindən icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində hamiləlik, doğuş və doğuşdan sonrakı dövrdə qadınlara və yenidoğulmuşlara bir sıra tibbi xidmətlər təqdim olunur. Bu xidmətlərə ana südü ilə qidalanma barədə məsləhətlərin verilməsi, anaların maarifləndirilməsi və yenidoğulmuşların tibbi nəzarətdə saxlanılması da daxildir.

İcbari tibbi sığorta hesabına hamilə qadınların hamiləliyin müxtəlif mərhələlərində zəruri müayinələrdən keçməsi təmin edilir. Bu çərçivədə arterial təzyiq və nəbzin yoxlanılması, qan və sidik analizləri, qan qrupunun və qanda şəkərin təyini, hepatit B və C, sifilis, insan immunçatışmazlığı virusu (İİV), rubella (məxmərək) üzrə skrininq müayinələri, eləcə də digər zəruri laborator müayinələr aparılır.

Bununla yanaşı, qadın məsləhətxanalarında, Ailə Sağlamlıq Mərkəzlərində və digər ambulator tibb müəssisələrində ultrasəs (USM) və doppler müayinəsi, fol turşusunun təyini, dölün ürək döyüntülərinin izlənilməsi kimi tibbi xidmətlər göstərilir.

Hamiləliyin 30-cu həftəsindən etibarən hamilə qadına mübadilə vərəqəsi təqdim olunur və doğuşun təşkili üçün TƏBİB-in tabeliyindəki müvafiq dövlət tibb müəssisəsinə və ya Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna yönləndirilir.

Xidmətlər Zərfi çərçivəsində fizioloji doğuş, tibbi göstəriş olduqda klassik qeysəriyyə kəsiyi əməliyyatı, vaxtından əvvəl doğulan körpələrin küvəzdə saxlanılması, zahı qadınların doğuşdan sonrakı müşahidəsi, yenidoğulmuşların tibbi nəzarətdə saxlanılması və ana südü ilə qidalanmaya dair məsləhət xidmətləri də təmin edilir.

Ana südü körpənin sağlam inkişafı, immun sisteminin güclənməsi və gələcək sağlamlığının formalaşması üçün ən dəyərli qida mənbəyidir. Bu səbəbdən ana südü ilə qidalanmanın təşviqi, anaların düzgün məlumatlandırılması və zəruri tibbi dəstəyin göstərilməsi ana və uşaq sağlamlığının qorunmasının mühüm istiqamətlərindən biridir.